“Fars payızı”na da hazır olmaq lazımdır| Moskva İranla strateji əməkdaşlıq sazişini pozacaq?

2024/12/1734760143.jpg
Oxunub: 1667     17:35     31 Yanvar 2025    
İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Moskvaya rəsmi səfər edib, burada Rusiya prezidenti Vladimir Putin başda olmaqla, yüksək səviyyəli Rusiya rəsmiləri ilə görüşüb və tərəflər arasında 47 maddədən ibarət hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb. İran tərəfinin böyük gözləntilər bəslədiyi bu razılaşmanı, xüsusən də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ikitərəfli münasibətlərin mərhələli inkişafının əksi kimi qiymətləndirmək düzgün olar.

Rusiya-İran münasibətlərində dinamika

Rusiya-İran münasibətləri XX əsr boyu olduqca ağrılı olub. Bu böhranların pik nöqtəsi Sovet Rusiyasının İkinci Dünya müharibəsi zamanı işğal etdiyi İran torpaqlarını tərk etmək istəməməsi oldu. İkitərəfli münasibətlərin tədricən yaxşılaşdırılması əvvəlcə 1979-cu ildə İran inqilabı, sonra isə 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılması nəticəsində mümkün olub. Növbəti onillikdə Moskva ilə Qərb arasında yaxşı münasibətlər İranın Rusiyadan gözləntilərinin özünü doğrultmadığı anlamına gəldi.

Buna baxmayaraq, Rusiya bu dövrdə münasibətlərini inkişaf etdirərək, müasir texnologiyanın, xüsusilə nüvə texnologiyasının və bəzi hərbi texnologiyaların İrana ötürülməsinə şərait yaratdı. Bu dövrdə Rusiya İranın nüvə fəaliyyətləri ilə bağlı ən çox diplomatik təşəbbüs göstərən ölkələrdən birinə çevrildi, belə ki, Çinlə birlikdə ABŞ-nin beynəlxalq platformalarda İran əleyhinə qərarlar qəbul etməsinə böyük ölçüdə mane oldu.

“Ərəb baharı” prosesinin Suriya və İraqa yayılması Rusiya və İranın regionda əməkdaşlığını yaxşılaşdırıb. İki ölkə xüsusilə Suriya inqilabının birinci mərhələsində hərbi sahədə əməkdaşlıq edib. Rusiya ölkəyə yerləşdirdiyi hava qüvvələri ilə müxalifəti intensiv bombardman edərkən, bu dövrdə İran Livandan Əfqanıstana qədər geniş coğrafiyadan gətirdiyi muzdlularla “Bəəs” diktaturasını qorumağa çalışdı və bu siyasətləri “müqavimət oxu” olaraq təyin etdi.

Lakin bu dövrdə, daha sonra iranlı general Behruz İsbatinin səs yazılarında da yer aldığı kimi, Tehran-Moskva münasibətlərində üçüncü bir gizli mövzunun olduğu aydınlaşmağa başladı: İsrail. 2024-cü ilin dekabrında rejim süqut etməzdən əvvəl Suriyanı tərk edən son iranlı generallardan biri olan İsbati yayımlanan səs yazısında İsrailin müzakirə mövzusu olduğu hər yerdə Rusiyanın İrana xəyanət etdiyini və adlarını sadaladığı bir çox İran hərbi rəsmisinin bu hücumlar nəticəsində öldüyünü deyirdi.

Həqiqətən də dərin və çoxölçülü Rusiya-İsrail münasibətləri müstəqil araşdırmaya layiqdir. Bolşevik inqilabında yəhudilərin təsirindən tutmuş rus əsilli yəhudilərin İsrailin qurulmasında göstərdiyi səylərə, İsrailin bir milyona yaxınlaşan rusdilli əhalisindən tutmuş Moskvadakı bir çox rus yəhudi oliqarxların təsirinə qədər müxtəlif dinamikalar bu münasibətlərin mürəkkəbliyini ortaya qoyur və bunu nəzərə almadan Rusiya-İran münasibətlərini təhlil etmək asan görünmür.

Münasibətlərdəki ABŞ tənliyi

Oktyabrın 7-dən sonrakı dövrdə regional nüfuzu ağır zərbə alan, İsrailin ölkə daxilində təsirli sui-qəsd və hava hücumlarına məruz qalan İran administrasiyasını ən az bu hadisələr qədər narahat edən başqa bir faktor Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi oldu. İran əleyhinə siyasətləri ilə tanınan Trampın öz yaxın komandasını qatı israilyönlü insanlardan seçməsi Tehranı ciddi narahat edir.

Çünki son iki ildə baş verənlər İranın müdafiə cəbhəsini tamamilə zərərsizləşdirib və İsrailin hücumları nəticəsində ölkə daxilindəki hava hücumundan müdafiə sistemləri də zədələnib. Buna görə də dörd il əvvəlkindən fərqli olaraq, Trampın artıq İranın regional cavab təşəbbüslərindən qorxmağa əsası yoxdur. Tramp çox güman ki, İranla potensial yeni danışıqlarda 2018-ci il tələblərindən daha çoxunu masaya gətirəcək. Ola bilər ki, bu maddələrin bəzilərində regional və hərbi maddələrdən ibarət olan əvvəlki şərtlərdən fərqli olaraq, daxili siyasətlə bağlı məsələlər də yer alsın.

Olduqca həlledici dörd illik dövrə daxil olarkən, həm Rusiyanın, həm də İranın Trampın prezidentliyindən fərqli gözləntiləri var. Rusiya üçün bu gözləntilər Trampın əvvəlki açıqlamalarına əsasən daha müsbət və ümidverici olsa da, İran üçün vəziyyət fərqlidir. Müsbət Rusiya-ABŞ münasibətləri Rusiyanın İsraillə münasibətlərini daha yüksək səviyyəyə qaldıra bilər. Bu vəziyyət ortaq cəbhə sayıla biləcək Qafqaz və Suriyada İranla əməkdaşlıqdan heç bir real fayda görməyən Moskvanın Tehrandan daha da uzaqlaşmasına səbəb ola bilər.

Ukrayna müharibəsindən sonra Rusiyanın İran və Şimali Koreya kimi beynəlxalq sistemdə təcrid olunmuş və “şeytanlaşmış” ölkələrlə münasibətlərini dərinləşdirməsi siyasi, iqtisadi və hərbi zərurətin məhsulu idi. ABŞ-Rusiya razılaşması halında İranla imzalanan son razılaşma Rusiya üçün yalnız qısamüddətli, interaktiv maraqlar demək olacaq. Doğrudan da Moskvanın Qərbin sanksiyalarının təsirindən qurtulmaq üçün İran təcrübəsindən yararlanma və ya Kazan şəhərində “Şahid-136” kamikadze pilotsuz uçuş aparatlarının istehsalı kimi məsələlərdə maraqlı olduğu məlumdur.

Daha uzunmüddətli perspektivdə baxdıqda isə Rusiyanın tanınmış beyin mərkəzlərindən biri olan “Valdai Club”ın Suriyadakı rejim dəyişikliyini dəyərləndirdiyi bir analizində “Fars payızı”na da hazır olmaq lazımdır” vurğusunu etməsi Rusiyadakı strategiya dairələrinin İranın gələcəyi ilə bağlı ciddi narahatlıq keçirdiyini göstərir. Son razılaşmaya qayıtsaq, bu prosesdən İranın uzun müddətdir israr etdiyi əlaqələrin struktur dərinləşməsi yalnız ABŞ-Rusiya əlaqələrinin daha da gərginləşdiyi bir ssenaridə mümkün ola biləcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin